İdman, musiqi və rəsmin, uşaq psixologiyası üzərindəki təsirləri
Bir valideyn olaraq biz, uşağımızın basketbol komandasına seçilməsindən qürur duyar, çəkdiyi rəsmləri divarlarımıza asar və ya bir musiqi aləti çala bilməsi üçün kursa yazdırarıq. Əslində hamımız istəyirik ki, uşaqlarımızın həyatlarında idman, musiqi və rəsm olsun, bu fəaliyyətlərin verdiyi fürsətlərdən uşaqlarımız yararlansınlar. Uşaqların rəsm, musiqi və ya idmanla maraqlanmalarının onlara çox faydası var.
Ancaq valideyn olaraq uşaqlarımızın sənət və ya idmanla maraqlanmalarını istəyiriksə, əvvəl özümüzə bir neçə sual verməliyik.
* Uşağımın maraqlarını bilirəmmi?
* Uşağımın yaşı bu fəaliyyətə uyğundurmu?
* Uşağımın inkişaf səviyyəsi və şəxsiyyəti hansı formada istiqamətləndirmə tələb edir?
* Görəsən istiqamətləndirdiyim sənət / idman növünü təkcə mən istəyirəm?
* Uşağımı rəsm / musiqi / rəqs / idmana istiqamətləndirərkən valideyn olaraq mənim istədiyim nədir?
Əgər uşağımızın həyatında sənət və idmanın yer almasını istəyiriksə bu sualları ağlımızda tutmağımız faydalı ola bilər. Çünki beləcə,
-Uşağımızı doğru istiqamətləndirmiş olarıq.
-Marağı olmayan bir sahə üçün zorlamamış olarıq.
-İstəklərimizi əvvəlcədən müəyyənləşdirərək həm uşağımız həm də özümüz üçün zamana qənaət etmiş olarıq.
-Ən əhəmiyyətlisi, sənət və idmanı övladımızın həyatına zorla soxmamış, qarşılıqlı istək və həvəslə seçmiş olarıq.
Sənətin (musiqi və rəsmin) uşaqlar üzərindəki təsiri
Uşaqların rəsm və ya musiqi ilə maraqlanmaları iki şəkildə ola bilər. İlk olaraq uşağın xüsusi qabiliyyəti istiqamətində sənətçi olaraq yetişdirilməsi və sənət fəaliyyətləri ilə sıx olaraq maraqlanması, dərs almasından bəhs edirik. Belə bir təcrübə üçün mütləq uşağın nəyə marağının olduğu təyin olunmalıdır. Çünki sənətçi olmaq uzun zaman və əmək istəyən bir yoldur.
İkinci yol isə sənətin tədbirlər yolu ilə uşağın həyatında olmasıdır. Rəsm, musiqi, rəqs, teatr kimi tədbirlərin uşağın dünyasına təsiri böyükdür:
* Özünü tanımasına kömək edər.
* Xəyal dünyasını inkişaf etdirər.
* Duyğularını rahatca ifadə etməsinə imkan tanıyar.
* Fərqli dünyagörüşləri inkişaf etdirə bilər.
* Bədən, zehin və ruh sağlamlığına müsbət təsir edər.
* Özünə inamı güclənər.
* İctimai bacarıqları inkişaf edər.
* Romantik zəka qidalanar.
* Məktəb müvəffəqiyyətinə müsbət təsir edər.
* Sağlam bir şəxsiyyət inkişaf etdirmək üçün fürsət tapmış olar.
Bütün bu müsbət inkişaflara sahib olmaq üçün uşağın bir sənət kursuna qatılması və ya xüsusi dərs alması lazım olmaya bilər. Çünki rəsm və musiqi də gündəlik həyatımızın içində ola bilər, uşaqların incəsənətə olan maraqları ailə tərəfindən də həvəsləndirilə bilər. Uşağınızın rəsm və musiqinin müsbət təsirlərindən faydalanması üçün valideyn olaraq edə biləcəkləriniz:
* Erkən yaşlardan etibarən sənətlə iç içə olmasını təmin edin.
* Teatr rəqs nümayişləri, rəsm sərgiləri və konsertlərə həyatınızda yer verin.
* Evdə incəsənət alətləri saxlayın. Məktəblə bağlı layihələrdə bu cür vəsaitlərin istifadəsindən çəkinməyin.
* Bol bol musiqi dinləyin.
* Sadə amma funksional musiqi alətlərini təcrübə etməsinə imkan verin.
* Muzey gəzintilərinə aparın, ancaq bu gəzintilərin uşağın yaş və inkişaf səviyyəsinə uyğun olmasına diqqət edin.
* Tətillərdə sənəti həyatınıza daha çox qatın.
İdmanın uşaqlar üzərindəki təsiri
İdman da ən az sənət qədər uşaqlar üzərində müsbət təsirə malikdir.
* İdman fəaliyyətləri prioritetli olaraq fiziki inkişafa kömək edən işlər kimi qiymətləndirilsə də uşağın həm təhsil həyatında həm də gələcək həyatında böyük rol oynayarlar.
* Hər idman növünün öz içində saxladığı qaydalar, tənzimləmələr və tətbiqlər əslində intizam dediyimiz sistemi həyatımıza tətbiq etməkdədir. Məşq etmək, vaxtında oyuna başlamaq, qaydalara uyğun hərəkət etmək uşağın bütün həyat keyfiyyətinə təsir edəcək faktorlardır.
* Məğlubiyyətlə baş etmə, təkrar sınama, rəqabətlə baş etmə, hakimlə, məşqçi ilə, komanda yoldaşlarıyla əlaqə, müəyyən bir məqsədə yönəlmək, hədəfə irəliləyiş kimi hallar, uşağın gələcəkdə həyatında istifadəsi üçün əhəmiyyətli və lazımlı bacarıqlardır.
* İdman fəaliyyətinin qazandırdığı ictimai və fiziki bacarıqlar uşağın cəmiyyət içindəki qəbulunu artırır, sağlam bir fərd olmasını dəstəkləyir, pis vərdişlərdən uzaq olmasına kömək edir, məsuliyyət duyğusunu bəsləyir.
İdman fəaliyyətlərini ailə olaraq dəstəkləmək üçün;
-Erkən yaşlardan etibarən idmanı vurğulayın.
-Nümunə olun
-Ailə olaraq keçirdiyiniz zamanlara idman fəaliyyətlərini də əlavə edin.
-Müvəffəqiyyətli idmançıları təqib edin.
-Məktəbdə də iştirakını dəstəkləyin.
-İdman müsabiqələrinə gedin.
-Öz bədəni ilə edə biləcəyi güclü yanlarını kəşf etməsinə kömək edin.
-Öz fiziki quruluşuna uyğun müxtəlif idman fəaliyyətlərini sınaqdan keçirməsi üçün ürəkləndirin.
-İdmanı gündəlik həyatınızın axışı içində saxlayın.
İstiqamətləndirərkən nələrə diqqət edək?
* Uşaq musiqi, rəsm və ya idman sahəsində bir fəaliyyətə qatılacaqsa mütləq onun marağı göz qabağında tutulmalıdır.
* Seçdikdən sonra isə ən az bir ay "sınaq" müddəti qoyulmalıdır. Beləcə həm ailə həm uşaq fəaliyyətin uyğun olub olmadığına birlikdə qərar verə bilər.
* Əgər bir kursa gediləcək və ya dərs alınacaqsa bunun nə qədər davam edəcəyi, uşağın proqramına necə təsir edəcəyi mütləq əvvəldən uşağa izah edilməlidir.
* Valideyn olaraq, özünüzün edə bilmədiklərinizi uşağınızdan gözləyib gözləmədiyinizi düşünün.
* Hansı fəaliyyət olursa olsun, çox yüksək nailiyyətlər gözləməyin. Əhəmiyyətli olan uşağın öz bacarıqları daxilində bu fəaliyyətlərdən faydalanmasıdır.
* Sənət və ya idmana sahəsində qatıldığı fəaliyyətlərdə əsla digər uşaqlarla və ya bacı-qardaşı ilə müqayisə etməyin.
* Mütləq məşqçilərin, ustaların və ya pedaqoqların şərhlərinə və müşahidələrinə diqqət edin.
* Uşağı çox müxtəlif fəaliyyətlərlə baş-başa buraxmaq, bir müddət sonra onun sıxılmasına, yorulmasına, istəksizlik göstərməsinə səbəb ola bilər. Bu da uşağınızın özünü bacarıqsız və müvəffəqiyyətsiz hiss etməsinə səbəb ola bilər.
Rəsm, musiqi və idmanın özünə inam inkişafına təsiri
Rəsm, musiqi və idman yolu ilə uşağın özünə inamı aşağıdakı yollarla inkişaf edir:
* Uşaqlar özlərini ifadə etdikləri ölçüdə inkişaf edərlər. Bu səbəblə, sənət də idman da uşağın özünü inkişaf etdirməsinə böyük imkan yaradar.
* Uşaqların özünə inamı, ətrafdan götürdükləri reaksiyalarla formalaşır. Bu səbəblə müsbət reaksiyalar aldıqları müddətcə özünə inamı yüksək olacaq.
* Sənət və ya idmanla maraqlanmaq uşağın məktəb müvəffəqiyyətinə də müsbət təsir edir. Özünü yaxşı və xoşbəxt hiss edən uşaq məktəblə əlaqədar işlərdə də irəliləmə göstərər.
* Uşaqlar şəxsiyyətlərini meydana gətirərkən özləri haqqında informasiya toplamağa ehtiyac hiss edərlər. Sənət və ya idmanla məşğul olan uşaqlar, özlərini daha yaxşı tanıyar, beləcə şəxsiyyətlərini daha möhkəm inkişaf etdirərlər.
Psixoloq M.Nəsirov
Stress və ailə həyatı makalesi
Boşanmanın uşaq üzərindəki təsirləri yazısı
Psixoloq M.Nəsirov Profil sayfası
Ana sayfa